Futbol üzrə Kabo Verde milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Djanini Semedo Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı forvard Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubuna keçib.
Sözügedən klub təcrübəli futbolçunu satınalma şərti ilə icarəyə götürüb. Mövsümün sonunda BƏƏ klubu Türkiyə çempionuna 1.5 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da almalıdır.
Djanini Semedo 2020-ci ilin oktyabr ayından Türkiyə klubunun uğurları üçün çalışır. O, bu komandada meydana çıxdığı 94 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Futbolçu daha öncə “Əl-Əhli”, “Santos Laquna”, “Nasyonal” (Madeyra), “Olhanense”, “Benfika” və “Unian Leyriya” klublarında da forma geyinib. Hücumçu Kabo Verde yığmasında da 35 oyuna çıxıb, 7 qola imza atıb.
Xatırladaq ki, Djanini 2022-ci ilin sentyabr ayında “Trabzonspor”la 2 illik yeni müqavilə bağlamışdı. Əvvəlki müqaviləsinin müddəti 2022/23 mövsümünün sonuna qədər olan 31 yaşlı forvard yeni sözləşməyə əsasən, 2025-ci ilə qədər Trabzon klubunda qalmalı idi.