Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 2022/2023 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində baş tutan “Veres-Rivne” ilə səfər oyununun iştirakçısı olub.
Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Komandası məhz onun meydanı tərk etməsindən sonra – 74-cü dəqiqədə buraxdığı yeganə qol sayəsində məğlub olub. Əvəzlənməsinə baxmayaraq, Nağıyev ehtiyat oyunçular skamyasında olarkən etdiyi hərəkətə görə 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
“İnqulets” bu nəticədən sonra mövsümün əsas hissəsini 31 xalla 16 kollektiv arasında 14-cü sırada bitirib. Bu isə sözügedən komandanı Premyer Liqada qalmaq üçün pley-off oyunları keçirmək məcburiyyətində buraxıb. “İnqulets” bu yolda əvvəlcə aşağı liqadan gəlmiş “Çerkası” komandasını mübarizədən kənarlaşdırmalıdır. Bu rəqiblə ilk oyun iyunun 10-da evdə, cavab görüşü isə ayın 14-də səfərdə baş tutacaq.
Xatırladaq ki, Dmitri bu mövsüm meydana çıxdığı 27 matçda cəmi 1 assistlə yadda qalıb. Onun neçə oyunluq cəza alacağı və pley-off oyunlarında iştirakının mümkün olub-olmayacağı hələ dəqiq bilinmir.
Sonda onu da vurğulayaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib. Azərbaycanın U-21 yığmasında 2 matç keçirmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.