Dmitri Nağıyev “Metallist”lə oyunu kənardan izlədi

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” Ukrayna çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv Premyer Liqanın 28-ci turu çərçivəsində doğma meydanda “Metallist 1925” ilə qarşılaşıb.

Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.

Nağıyev bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı futbolçu sonadək ehtiyatda qalıb.

“İnqulets” bu nəticədən sonra 28 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb. Nağıyev bu mövsüm meydana çıxdığı 25 matçda cəmi 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.