Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Dmitri Nağıyev “Sumqayıt”dan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Ukraynada davam etdirəcək.
Sağ cinah müdafiəçisi olan oyunçu bu ölkənin Premyer Liqa təmsilçilərindən olan “İnqulets”ə keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, Dmitri Nağıyev 2021-ci ilin yanvarından “Sumqayıt”ın formasını geyinirdi. O, hələ 2018-ci ilin iyulunda “Sumqayıt”la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın Birinci Divizion təmsilçisi “Cova da Piedade” klubuna keçmişdi. Nağıyev karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Qarabağ” (Vyana, Avstriya), “Ştumbras” və “Dinamo-Avto” klublarının da formasını geyinib.


