Dmitri Nazarov “Ersgebirge” ilə vidalaşdı – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubu ilə vidalaşıb. Arena.az xəbər verir ki, bu barədə Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan bu klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə yolların rəsmən ayrıldığı diqqətə çatdırılıb. Aue şəhərini təmsil edən klub təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Ersgebirge”nin bu gün 3-cü Bundesliqanın 37-ci turu çərçivəsində “İnqolştadt” komandasına qarşı keçirdiyi ev oyunundan öncə Nazarovla vida mərasimi də təşkil olunub. Klub rəhbərliyi ona xüsusi xatirə hədiyyəsi təqdim edib. Nazarovun iştirakçısı olmadığı qarşılaşma Aue təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Nazarovun mövsümün son turunda “Bayroyt”la səfər oyununda da iştirakı gözlənilmir.

Xatırladaq ki, Dmitri Nazarov 2016-cı ilin iyul ayından “Ersgebirge”də forma geyinirdi. O, bu müddət ərzində Aue təmsilçisində 218 oyuna çıxıb. Millimizin yarımmüdafiəçisi bu görüşlərdə 48 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Geridə qoymaqda olduğumuz mövsümdə isə Nazarov 35 oyuna çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə edib, 8 sarı vərəqə ilə cəzalanıb.

Nazarov daha öncə “Karlsrue” (83 oyun, 10 qol, 7 asist) və “Proyssen Münster”də (44 oyun, 9 qol, 7 asist) forma geyinib. O, “Kayzerslautern” və “Ayntraxt” (Frankfurt) klublarının ikinci komandalarının da uğurları üçün çalışıb.

Yarımmüdafiəçi Azərbaycan milli komandasında 45 oyuna çıxıb və 7 qol vurub. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.