Dmitri Nazarov “Ersgebirge” ilə yeni müqavilə imzaladı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Aue təmsilçisi ilə 1 illik yeni sözləşməyə imza atıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı əvvəlki müqavilə bu ilin 30 iyununa qədər idi.

Qeyd edək ki, “Ersgebirge” yeni mövsümdən 3-cü liqada oynayacaq. Aue təmsilçisi geridə qalan mövsümdə 2-ci Bundesliqada 34 oyuna cəmi 26 xal toplaya bildiyi üçün, 18 iştirakçı arasında 17-ci olub və aşağı liqaya düşüb.

Dmitri Nazarov 2016-cı ildən “Ersgebirge”də çıxış edir. O, daha öncə Almaniyada “Karlsrue”, “Proyssen Münster” klublarının da formasını geyinib. Yarımmüdafiəçi karyerasının ilk illərində isə “Kayzerslautern” və “Ayntraxt” (Frankfurt) klublarının ikinci komandalarında oynayıb.

2014-cü ildən Azərbaycan yığmasında çıxış edən Nazarov, millidə 40-dan çox oyun keçirib, 7 qola imza atıb.