Dmoenki Tedesko millimizin rəqibinə baş məşqçi təyin olundu

Son olaraq Almaniyanın “Leypsiq” komandasının baş məşqçisi olmuş italiyalı məşqçi Domeniko Tedesko özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis bundan sonra Belçika milli komandasına rəhbərlik edəcək.

Bu barədə Belçika Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssis sözügedən federasiya ilə AÇ-2024-ün sonuna qədər müqavilə imzalayıb. O, bu postda 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib. Hansı ki, ispan mütəxəssis də Belçika yığmasından ayrılandan sonra Portuqaliya milli komandasının baş məşqçisi təyin olunmuşdu.

Domeniko Tedesko 2021-ci ilin dekabr ayından çalışdırdığı “Leypsiq”i 2022-ci ilin sentyabr ayında tərk edəndən bəri işsiz idi. O, Almaniya təmsilçisini bütövlükdə 38 matça çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanan “Leypsiq”, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.

Sonda onu da xatırladaq ki, Belçika yığması AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Seçmə mərhələnin F qrupunda yer alan millimiz bu rəqiblə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: