Domeniko Berardi ciddi zədə aldı – AÇ-də iştirakı mümkünsüz oldu

“Sassuolo” və İtaliya yığmasının vingeri Domeniko Berardi “Axill vətəri”ni cırıb və təxminən 6 ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Arena.az bu barədə “Sassuolo”nun mətbuat xidmətinə istinadən məlumat verir:

Berardini cərrahi müdaxilə gözləyir. Ardınca isə italyan vinger çətin bərpa prosesi keçməli olacaq. Beləliklə, Berardi cari ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.

Domeniko Berardi “Sassuolo”nun yetirməsidir. Doğma klubu italyan vingeri “Yuventus”a satsa da, Berardi “Sassuolo”da çıxışına icarə əsasında davam edib. 2015-ci ilin iyulunda isə “Sassuolo” yetirməsini 10 milyon avro müqabilində “Qoca sinyora”dan geri alıb.

Cari mövsümdə Berardi “qarpız qabıqları”nın heyətində 18 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə verib. Berardinin “Sassuolo”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 370 oyun, 142 qol, 94 məhsuldar ötürmə.

Domeniko Berardi 2018-ci ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 28 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. İtalyan vinger “skuadra adzurra” ilə AÇ-2020-nin qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı italyan sağ vinger Domeniko Berardinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.