Almaniyanın “Leypsiq” komandasının baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub. Belə ki, “Leypsiq” ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında Donetsk “Şaxtyor”una (Ukrayna) 1:4 hesabı ilə məğlub olub. Komanda Almaniya Bundesliqasına da pis başlayıb. Sözügedən kollektiv 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Bu üzdən də baş məşqçinin istefası qərara alınıb.
Domeniko Tedesko 2021-ci ilin dekabr ayında Almaniya klubunun sükanı arxasına keçmişdi. İtaliyadan olan 36 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 38 matça çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanan “Leypsiq”, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.