Dominik Livakoviç yenidən Zaqreb “Dinamo”sunda!

Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra Zaqreb “Dinamo”sunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

“Dinamo” 30 yaşlı qolkiperi 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Xorvatlar yarım mövsümlük icarə üçün “Fənərbağça”ya 300 min avro ödəyib.

Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında məhz Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb. Cari mövsümün ilk dövrəsində isə Livakoviç “Jirona”da icarədə olub. Lakin o, İspaniya klubunun heyətində forma şansı qazana bilmədiyi üçün La Liqa təmsilçisini erkən tərk edib.

Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 71 oyunda 73 qol buraxıb, 25 matçda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Livakoviçi icarəyə vermiş “Fənərbağça” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Anje”nin hücumçusu Sidiki Şerifi heyətinə qatıb. Fransalı forvard artıq İstanbuldadır. 19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.

“Fənərbağça” Sidikini icarə müqaviləsi əsasında heyətinə qatıb. Türkiyə klubu icarə üçün “Anje”yə 4 milyon avro ödəyib. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.

Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 20 rəsmi matçda 4 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: