Dominik Soboslai Premyer Liqanı Bundesliqa ilə müqayisə etdi

“Leypsiq”in sabiq üzvü, hazırda “Liverpul”da oynayan Dominik Soboslai İngiltərə Premyer Liqasını Almaniya Bundesliqası ilə müqayisə edib.

Arena.az macar futbolçunun bu barədə fikirlərini təqdim edir:

“İngiltərə Premyer Liqası daha sürətlidir. Burada Bundesliqadakı qədər düşünməyə vaxtınız yoxdur. İngiltərədə oynayırsan, topu almadan əvvəl onunla nə edəcəyini bilməlisən. Əks halda sizə heç nə etmək imkanı verilməyəcək”, deyə Soboslai vurğulayıb.

Xatırladaq ki, Dominik Soboslai 2023-cü ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 70 milyon avro qarşılığında “Liverpul”a transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, İngiltərə nəhənginin heyətində indiyə qədər 44 oyuna çıxıb. 23 yaşlı futbolçu bu oyunlarda 7 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Soboslai daha öncə “Liferinq”, “Leypsiq”, “Zalsburq” kimi klubların formasını geyinib. O, kapitanı olduğu Macarıstan yığmasında 2019-cu ilin mart ayında debüt edib. Yarımmüdafiəçi millidə keçirdiyi 40 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.