“Bornmut”un ingiltərəli mərkəz hücumçusu Dominik Solanke 2023-cü ilin dekabr ayında İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir.
Ötən ilin dekabr ayında Solanke Premyer Liqanın 6 oyununda 5 qol vurub. 19 turdan sonra “Bornmut” 25 xalla Premyer Liqanın turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Dominik Solanke “Çelsi”nin yetirməsidir. Hücumçu “Bornmut”a 2019-cu ilin yanvarında 21,2 milyon avro qarşılığında “Liverpul”dan keçib. Solankenin “Bornmut”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Solanke “Bornmut”un heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 12 qol vurub, 1 məhsuldar ötürmə verib.
Dominik Solanke 2017-ci ilin noyabrında İngiltərə yığmasının heyətində debüt edib. O, meydanda cəmi 15 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermakt” intenet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün əvvəlki aylarında aşağıdakı oyunçular ən yaxşı elan edilmişdilər:
Avqust – Ceyms Meddison (“Tottenhem)
Sentyabr – Hın Min Son (“Tottenhem”)
Oktyabr – Məhəmməd Salah (“Liverpul)
Noyabr – Harri Maquayr (“Mançester Yunayted”)
