Donadoni və Van Bommel “Milan”ın fəsadlarından danışdılar

“Milan”ın italyan keçmiş yarımmüdafiəçisi Roberto Donadoni qeyri-sabit çıxış edən bu komandanın fəsadları haqda söhbət açıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Transfer pəncərəsi zamanı klubu gücləndirmək mümkün oldu. Yaxşı oyunçular gəldilər, amma bu günə qədər komandanın nəticələrini ərsəyə gətirən sabitlik və özünəinam yoxdur”, deyə Donadoni vurğulayıb.

“Milan”ın və Niderland yığmasının keçmiş yarımmüdafiəçisi Mark van Bommel də “rossoneri”nin portuqal baş məşqçisi Serjio Konseysaonun işi haqda fikrini açıqlayıb:

“Bu gün mən də, onun gördüyü işlə məşğulam. Odur ki, həmkarımın işi haqda danışmaq ədalətli olmazdı. Uğur – vaxt və məşqlər tələb edir. O, iş aludəçisidir, onun “Portu”da etdikləri bunu göstərir”.

Mark van Bommel özünü İtaliya A Seriyasında sınamaq arzusunda olduğunu da vurğulayıb:

“Bütün məşqçilər üçün İtaliya A Seriyası – böyük bir çağırışdır: səviyyə çox yüksəkdir. Əlbəttə, mən özümü sınamaq istərdim. Mən üstünlük saxlayan futbol axtarışındayam”.

Xatırladaq ki, Serjio Konseysaonun rəhbərlik etdiyi “Milan” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə 0:1 hesabıyla uduzduğu “Feyenoord”la doğma meydanda da bacarmayıb. Niderland təmsilçisi ilə evdə bərabərliyə (1:1) razılaşan İtaliya nəhəngi ÇL-lə vidalaşıb.

Komandanın İtaliya A Seriyasındakı çıxışı da ürəkaçan deyil. Komanda A Seriyasının geridə qalmış 24 turundan sonra 41 xalla 7-ci pillədə qərarlaşıb və çempionluq şansı cüzi qiymətləndirilir. Konseysaonun komandanın 24 oyunda 11 qələbə qazanıb, 8 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.