“Zirə”nin sol cinah müdafiəçisi Vild Donald Gerye Azərbaycan Premyer Liqasında mövsüm başa çatan kimi Bakıdan ayrılıb.
Arena.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycandan Polşaya yollanıb.
Futbolçunun səfərindəki məqsəd polyak olan həyat yoldaşının yaxınlarını ziyarət etməkdir. Buradan isə o, Amerika Birləşmiş Ştatlarına yollanacaq. Məsələ burasındadır ki, Gerye Haiti milli komandasına dəvət alıb. Onun formasını geyindiyi bu komandanı isə Florida ştatında təşkil olunacaq beynəlxalq turnir gözləyir.
Gerye Polşaya səfəri çərçivəsində Krakov şəhərində yaşayan azərbaycanlı iş adamlarına məxsus restorana baş çəkib. Onun həmyerlilərimizlə Azərbaycan dilində danışması isə xüsusilə diqqətçəkən olub. O, Azərbaycanı öz evi adlandırıb.
Həmin görüşdən eksklüziv görüntüləri Öncal Mədətsoylunun təqdim etdiyi aşağıdakı videodan izləyə bilərsiniz.
Sonda onu da xatırladaq ki, Vild Donald Gerye “Zirə”yə bu ilin yanvarında qoşulub. O, bu komandada 10 matç keçirib. Gerye daha əvvəl Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib. Əvvəlcə 2017-2019-cu illər aralığında “Qarabağ”da çıxış etmiş futbolçu, 2019-cu ilin avqust ayında gözlənilməz şəkildə “Neftçi”yə keçib. 2020-ci ilin iyulunda “ağ-qaralar”dan ayrılan müdafiəçi, yenidən “Qarabağ”a qayıdıb. 2021-ci ilin fevralında isə növbəti dəfə Ağdam klubundan ayrılıb, bu dəfə Kiprin “Apollon” (Limassol) komandasına üz tutub. Gerye bütövlükdə “Qarabağ”da 83 oyuna çıxıb, 12 qol və 5 məhsuldar ötürmə müəllifi olub. “Neftçi”də isə o, 14 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Gerye kapitanı olduğu Haiti milli komandasında 55 oyuna 10 qol vurub.