Donald Gerye yenidən Azərbaycanda! – Bu dəfə “Zirə”ni seçdi

Futbol üzrə Haiti milli komandasının sol cinah müdafiəçisi Donald Gerye yenidən Azərbaycan çempionatında top qovacaq. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçunu bu dəfə “Zirə” klubu öz sıralarına cəlb edib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, haitili müdafiəçi ilə yarım mövsüm + 1 illik müqavilə imzalanıb.

Donald Gerye peşəkar karyerasına Haitinin “Violette” komandasında başlayıb. O, ölkəsinin “Amerika des Kayes” klubunda da forma geyinib. Müdafiəçi Avropada Polşanın “Visla” (Krakov), “Viçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında çıxış edib.

Gerye daha əvvəl Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib. Əvvəlcə 2017-2019-cu illər aralığında “Qarabağ”da çıxış etmiş futbolçu, 2019-cu ilin avqust ayında gözlənilməz şəkildə “Neftçi”yə keçib. 2020-ci ilin iyulunda “ağ-qaralar”dan ayrılan müdafiəçi, yenidən “Qarabağ”a qayıdıb. 2021-ci ilin fevralında isə növbəti dəfə Ağdam klubundan ayrılıb, bu dəfə Kiprin “Apollon” (Limassol) komandasına üz tutub. Gerye bütövlükdə “Qarabağ”da 83 oyuna çıxıb, 12 qol və 5 məhsuldar ötürmə müəllifi olub. “Neftçi”də isə o, 14 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Gerye kapitanı olduğu Haiti milli komandasında da 55 oyuna 10 qol vurub.