Donyell Malen – Bundesliqada aprelin ən yaxşı oyunçusu!

Dortmund “Borussiya”sının hücumçusu Donyell Malen futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.

O, azarkeşlər və eskpertlər arasındakı səsvermə nəticəsində aprel ayının ən yaxşı oyunçusu adına namizəd olan digər dörd futbolçunu geridə qoymağı bacarıb. Malen “Bayer”də forma geyinən Jeremi Frimponq ilə Mussa Diabini, eləcə də Yoşa Vaqnoman (“Ştutqart”) və Timo Verneri (“Leypsiq”) qabaqlamağa nail olub.

Niderlanddan olan 24 yaşlı forvard ötən ay Bundesliqada 5 oyuna çıxıb. O, bu matçlarda 5 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Maraq üçün qeyd edək ki, ardıcıl dördüncü dəfə Dortmund təmsilçisinin oyunçusu Almaniya Bundesliqasında ayın oyunçusu seçilir: yanvar və fevral aylarında Yulian Brandt, martda isə Rafael Gerrero digərlərini qabaqlamağı bacarmışdı.

Donyell Malen 2021-ci ilin iyul ayında Niderlandın PSV klubundan 30 milyon avro qarşılığında Dortmund “Borussiya”sına keçib. O, indiyə qədər Almaniya klubunun heyətində 71 matça çıxıb. Hücumçu bu görüşərdə 19 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Malen daha öncə yetirməsi olduğu PSV-də də 116 oyun keçirib, 55 qol və 24 asistlə yadda qalıb. O, 2019-cu ildən oynadığı Niderland millisində də 21 oyuna 4 qol vurub.

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının cari mövsümündə 32 oyuna topladığı 67 xalla ikinci pillədə qərarlaşıb və lider “Bayern”dən cəmi 1 xal geri qalır. Bundesliqada mövsümün başa çatmasına isə cəmi 2 tur qalıb.