Dopinqə görə futboldan kənarlaşdırılmış Pol Poqbadan xəbər var

Dopinq ittihamlarına görə qeyri-müəyyən müddətə futboldan kənarlaşdırılmış, “Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbadan xəbər var.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Poqbanın maraqlarını təmsil edən agenti Rafaela Pimenta müştərisinin hazırkı duyğusal vəziyyəti haqda danışıb:

“Poqba sabah meydana qayıtmağa hazırdır. İstənilən ssenariyə hazırdır, mənəvi baxımdan çempiondur. Pol bir zərbə alır, onu həzm edir və yoluna davam edir. Poqba hər zaman formada olmasının gərək olduğunu anlayaraq məşq edir. Hərdən ona deyirəm: “Gəl daha başqa bir şeylə məşğul olaq?” Mənə əsəbiləşməyə başlayır və deyir: “Rafaela, mən məşq etməliyəm! Sən başa düşmürsən, mən oynamalıyam. Mən qalib gəlmək istəyirəm və başladığım yolu başa vurmaq istəyirəm”, deyə Pimenta bildirib.

Xatırladaq ki, Poqba İtaliya A Seriyasının cari mövsümünün 1-ci turunun “Udineze” ilə oyunundan (0:3) sonra dopinq testindən müsbət nəticə ilə çıxıb.

Bundan əvvəl mətbuatda İtaliyanın antidopinq prokurorluğunun Poqbanın 4 illik diskvalifikasiyasını tələb etdiyi barədə məlumatlar yayılıb.