Dorival Junior Braziliya millisinin məğlubiyyətinə aydınlıq gətirdi

Braziliya millisinin baş məşqçisi Dorival Junior DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvay yığmasına məğlubiyyətə aydınlıq gətirib.

Arena.az xatırladır ki, DÇ-2026-nın CONMEBOL bölgəsinin təsnifat mərhələsinin 8-ci turu çərçivəsində keçirilən oyunda Paraqvay yığması evdə Braziliya millisi üzərində 1:0 hesablı qələbə qazanıb.

“Bizim, oyundan əvvəl müsbət gözləntilərimiz vardı. Biz sabit oyun nümayiş etdirəyimizi və inamlı fəaliyyət göstərə biləcəyimizi gözləyirdik. Qol buraxmamışdan əvvəl, ümumiyyətlə, hər şey tamamilə belə gedirdi. Bizim ərazi üstünlüyümüz və təşəbbüskarlığımız vardı. Amma buraxılmış qoldan sonra özümüzü itirdik. Oyunumuz dağıldı, birinci hissənin sonuna qədər heç nə göstərə bilmədik. Bu, komandada işlədiyim bütün müddət ərzində ən pis kəsintidir və bu, yekun nəticəyə gətirib çıxardı”, – Dorival Junior matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

8 turdan sonra Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin yarış cədvəlində 10 xalla 5-ci pillədə qərarlaşıb. Paraqvay yığması isə 9 xalla 7-ci pillədədir ki, bu yer də dünya çempionatına vəsiqə uğrunda qitələrarası başabaş oyunlara imkan verir. Yarış cədvəlində ilk 6 yeri tutmuş komandalar isə dünya çempionatına birbaşa vəsiqə əldə edəcəklər.

Yarış cədvəlinə 18 xalla Argentina yığması başçılıq edir. Qalan komandalar belə sıralanıblar: Kolumbiya (2-ci yer, 16 xal), Uruqvay (3-cü yer, 15 xal), Ekvador (4-cü yer, 11 xal), Venesuela (6-cı yer, 10 xal), Boliviya (8-ci yer, 9 xal), Çili (9-cu yer, 5 xal) və Peru (10-cu yer, 3 xal).