Dortmund “Borussiya”sı “Mançester Yunayted”ə pul qazandıracaq

Dortmund “Borussiya”sı cari mövsüm Çempionlar Liqasının finalına yüksələrsə, “Mançester Yunayted” 3,4 milyon funt-sterlinq qazanacaq.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Borussiya” Çempionlar Liqasının yarımfinalına çıxdığı üçün artıq “Mançester Yunayted”ə müəyyən məbləğ ödəməlidir.

Məsələ “Mançester Yunayted”in “Borussiya”da cari mövsümün sonuna qədər icarə əsasında çıxış edən ingiltərəli sol vingeri Ceydon Sançonun müqavilə şərtləri ilə bağlıdır.

İcarənin şərtlərinə həmçinin 2023/2024 mövsümündə Bundesliqanın nəticələrinə görə “Borussiya”nın Çempionlar Liqasına daxil olması üçün “qırmızı şeytanlar”a əlavə ödənişləri də daxildir. Komanda hazırda 29 oyundan 56 xalla Bundesliqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Eyni zamanda, Almaniya, Çempionlar Liqasının növbəti mövsümü üçün üstəlik olaraq, 5-ci vəsiqəni almalıdır.

Xatırladaq ki, Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində məhz Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Cari mövsümdə Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ceydon ötən mövsüm “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2017-2021-ci illər aralığında formasını geyindiyi “Borussiya”da 137 oyun keçirib, 50 qol vurub, 64 məhsuldar ötürmə ilə yadda qalıb. Sanço vaxtilə yetirməsi olduğu “Mançester Siti”nin də uğurları üçün çalışıb.

“Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqla münasibətinin pozulması ilə mövsümün ilk yarısını heyətdən kənarda qalmış Sanço, 2024-cü ilin yanvarında Dortmund “Borussiya”sına cari mövsümün sonuna qədər icarəyə verilib.

Cari mövsümün ikinci yarısında Sanço “Borussiya”nın heyətində bütün yarışlarda 14 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Ceydon Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.