Futbol üzrə Ukrayna yığmasının hücumçuları Artyom Dovbik və Aleksey Qutsulyak Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh ediblər.
Arena.az xəbər verir ki, Ukrayna yığması ötən gecə Polşada qəbul etdiyi Azərbaycan millisi üzərində 2:1 hesablı qələbəyə sevinib.
İtaliyanın “Roma” klubunun şərəfini qoruyan Artyom Dovbik matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Milli komandaların oyununda asan rəqib olmur. Hər kəs diqqətini cəmləşdirir, hər kəs əlindən gələni edir. Azərbaycanla oyunumuz çətin alındı. Fasiləyə yaxın buraxdığımız qol bizi silkələdi, amma oyunun belə başa çatması yaxşıdır. Əsas odur ki, üç xal qazandıq. Bəzi imkanlar var idi ki, onlardan yararlana bilmədim. Rəqibin müdafiəçiləri mənə fokuslanmışdı. Bu o deməkdir ki, digər oyunçularımız üçün boşluq yaranır və bu, şansdır”.
Ukraynanın “Polesye” klubunda çıxış edən Aleksey Qutsulyak da bu matçla bağlı təəssüratlarının yaxşı olduğunu bildirib:
“Buna baxmayaraq, bizim üçün çətin oyun oldu. Əsas odur ki, qələbə qazana bildik. Bu qalibiyyəti bütün ukraynanılara və əsgərlərimizə həsr edirik. Onlara görə qələbəyə nail olduq”.
Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 30-cu dəqiqə Aleksey Qutsulyak açıb. Millimiz fasilə ərəfəsində hesabı bərabərləşdirsə də, ikinci hissədə Ukrayna qələbə qolunu vurmağı bacarıb.



