Dünya çempionatı: Azərbaycan millisi 1/4 finalda!

Qadın şahmatçılardan ibarət milli komandalar arasında İspaniyada təşkil olunan dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət milli komandası da bu gün növbəti görüşünü keçirib.

Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan yığmamız A qrupundakı sonuncu qarşılaşmasında İspaniyanı sınağa çəkib.

Zeynəb Məmmədyarova bu turda istirahət edib. Onun komanda yoldaşları isə bu görüşdən qələbə ilə ayrılıblar. Günay Məmmədzadə rəqibi ilə heç-heçə edibsə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan yığması qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komandamızın növbəti mərhələdəki rəqibi isə B qrupunu lider kimi başa vuran Gürcüstan şahmatçıları olacaq.

Xatırladaq ki, yığmamız A qrupunda daha öncə Hindistan və Ermənistanla heç-heçə etmiş, Rusiya və Fransaya məğlub olmuşdu.

İspaniyanın Sitjes şəhərində keçirilən dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

Dünya çempionatı
5-ci tur
29 sentyabr

Azərbaycan – İspaniya – 3,5:0,5

Günay Məmmədzadə – Anna Matnadze – 0,5:0,5
Gülnar Məmmədova – Sabrina Veqa Qutiyeres – 1:0
Ülviyyə Fətəliyeva – Mariya Floris – 1:0
Türkan Məmmədyarova – Marta Qarsiya – 1:0

Xal durumu: Rusiya – 10, Hindistan – 7, Ermənistan – 5, Azərbaycan – 4, Fransa – 2, İspaniya – 2.