Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb. Arena.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Ümid Rüstəmov (57 kq) 1/32 final çərçivəsində kubalı Osvel Kabalyero Qarsiya (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 boksçu ilə yollanıb. Mundialın ikinci günündə millimizin heyətində Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Malik Həsənov (63,5) Xuan Reyes Donislə (Qvatemala) və Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


