Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, Azərbaycan millisinin iki boksçusu mundialın yarımfinalına vəsiqə qazanıb.
Belə ki, yığma üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurub.
Dominqes yarımfinala gedən yolda Şoxcahon Abdullayevlə (Özbəkistan) döyüşüb. Dünya çempionumuz inamlı qələbə sayəsində ardıcıl ikinci dəfə mundialın yarımfinalına yüksəlib.
Onun uğurunu Abdullayev də davam etdirib. 1/4 finalda Nikoloz Beqadze ilə (Gürcüstan) qarşılaşan dünya çempionatının mükafatçısı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Abdullayev də ardıcıl ikinci dəfə mundialın yarımfinalında iştirak hüququ əldə edib.
Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Yarımfinal döyüşləri mayın 12-də olacaq.
Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib. Lakin Məhəmmədlə Alfonsodan başqa bütün boksçularımız mübarizəni dayandırıblar.


