Dünya çempionatı: Elnurə Məmmədova üçün “bürünc” şans

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, mundialın üçüncü gündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Qadınların ilk yarış günündə Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub. 50 kq-da mübarizə aparan Elnurə Məmmədova 1/8 finalda kanadalı Kelin Yanqa “tuş”la qalib gəlib. O, 1/4 finalda da rusiyalı Mariya Tyumerekovaya 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Elnurə yarımfinalda amerikalı Audri Ximeneslə qarşılaşıb. Bu rəqibinə 4:7 hesabıyla məğlub olan güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.

Daha əvvəl Azərbaycanın sərbəst güləş yığmasının üzvləri mundialda 5 medal (2 gümüş, 3 bürünc) qazanıblar. Bu nəticə ilə Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub. Millimizin heyətində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıblar.