Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir boksçusu mübarizəyə qoşulub.
Mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb. +92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb.
Məhəmməd növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq. Abdullayevin rəqibi serbiyalı Vladan Babiç olacaq.
Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


