Dünya çempionatı: Mirşəriflə Murad mərhələ adladı, Malik dayandı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 üzvü rinqə çıxıb.

Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, ikinci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.

Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.

107 ölkədən 538 idmançının qatıldığı mundialın üçüncü günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Xəbəri istədiklərinizlə paylaşın