Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunmuş ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) mübarizə aparır.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Millimizin üzvlərindən körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində D qrupunda yarışıb. Atletimiz toplam 135 kq (60+75) nəticə göstərib. Nazilə yekun sıralamada 34-cü yeri tutub.
Bu gün isə millimizin digər üzvü İsa Rüstəmov mübarizəyə qoşulub. O, 67 kq çəki dərəcəsində yarışıb. Atletimiz dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kq) sonra yarışdan imtina etmək qərarına gəlib.
Xatırladaq ki, yığmamız bu yarışa bütövlükdə 6 atletlə qatılıb. Heyətdə 2 qadın və 4 atlet yer alıb. Növbəti günlərdə Günel Vəliyeva (76 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) də mundialda qüvvəsini sınayacaqlar.
Sentyabrın 4-də başlamış Ər-Riyaddakı dünya çempionatı ayın 17-də yekunlaşacaq.


