Dünya çempionatı: Taleh və Həsrət beşinci oldu

Norveçin paytaxtı Osloda təşkil olunmuş güləş üzrə dünya çempionatı başa çatıb. Arena.az xəbər verir ki, sonuncu yarış günündə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Həsrət Cəfərov debütdə ABŞ təmsilçisinə elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız daha sonra hindistanlı rəqibinə aman verməyib. Ancaq 1/4 finalda son olimpiya çempionu Məhəmmədrza Gerayiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Həsrət oktyabrın 10-da təsəlliverici görüşə çıxıb və Yaponiya güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq bürünc medal uğrunda qarşılaşmada gürcü həmkarına uduzaraq ilk dəfə iştirak etdiyi dünya çempionatını 5-ci pillədə başa vurub.

Taleh Məmmədov startda türk həmkarından güclü olub. Təcrübəli güləşçimiz Koreya idmançısını da üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında İran pəhləvanına uduzan Məmmədov oktyabrın 10-da bürünc medal görüşünə çıxıb. Ukraynalı rəqibiylə gərgin keçən mübarizədə minimal fərqlə məğlub olan Taleh 5-ci yerlə kifayətlənib.

Mübarizəyə 1/8 finaldan qoşulan İslam Abbasov gürcüstanlı dünya çempionu Laşa Qobadzeylə bacarmayıb.

Dünya çempionatı

63 kq
1/8 final: Taleh Məmmədov – Mehmet Çeker (Türkiyə) 7:1
1/4 final: Taleh Məmmədov – Hanjae Çunq (Koreya) 6:2
1/2 final: Taleh Məmmədov – Meysam Dalxani (İran) 0:9
Bürünc medal görüşü: Taleh Məmmədov – Lenur Temirov (Ukrayna) 4:5

67 kq
1/16 final: Həsrət Cəfərov – Peyton Omaniya (ABŞ) 10:0
1/8 final: Həsrət Cəfərov – Qaurov Duhon (Hindistan) 8:0
1/4 final: Həsrət Cəfərov – Məhəmmədrza Gerayi (İran) 0:11
Təsəlliverici görüş: Həsrət Cəfərov – Tsuçika Şimoyamada (Yaponiya) 7:0
Bürünc medal görüşü: Həsrət Cəfərov – Ramaz Zoidze (Gürcüstan) 0:8

87 kq
1/8 final: İslam Abbasov – Laşa Qobadze (Gürcüstan) 0:11