Dünya çempionatı: Ümid Rüstəmov qələbə ilə başladı

Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) start götürüb. Arena.az xəbər verir ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samquli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:27) hesablı qələbəsi ilə yekunlaşıb. Rüstəmov növbəti görüşündə türkiyəli Batuhan Çitfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də baş tutacaq.

Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə erkən vidalaşıb.

Dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlını (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuru (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: