Dünya çempionatı: Ümid Rüstəmovdan ikinci qələbə

Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, mundialın 5-ci günündə Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayıb.

İlk döyüşdə Suleyman Samqhoulini (Mərakeş) məğlub edən Ümid Rüstəmov (57 kq) 1/16 finalda türkiyəli Batuhan Citfçi ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə bitib. O, 5:2 (28:29, 29:28, 28:29, 29:28, 30:27, əlavə hakimlər 2:0) hesabı ilə qalib gəlib.

Ümid Rüstəmov 1/8 finalda Xavyer İbanes Diasla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) isə ikinci döyüşünü qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Mundialın 6-cı günündə millimizin boksçularından Nəbi İsgəndərov (67 kq) Ali Habibinejadla (İran) qarşılaşacaq.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.