Dünya çempionatının 12, pley-offun bütün iştirakçıları bəllidir

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. Arena.az xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan sonuncu oyunlarının ardından daha bir komanda mundiala vəsiqə qazanıb.

Bu, G qrupunda birinci yeri təmin edən Niderland yığmasıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə və İsveçrə millilərinin də DÇ-2022-də iştirak edəcəyi dəqiqləşmişdi. Braziliya yığması isə DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsindən mundiala vəsiqə qazanıb.

Öz qruplarında ikinci yeri tutan İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, İsveç, Uels, Türkiyə, Polşa, Ukrayna və Şimali Makedoniya isə pley-offda oynamaq hüququ qazanıb. Bu komandalarla yanaşı, UEFA Millətlər Liqasından DÇ-nin pley-offuna vəsiqə qazanmış Çexiya və Avstriya yığmalarının da mundialda iştirak şansı qalmaqdadır.

Pley-offun püşkü noyabrın 26-da atılacaq. Bu mərhələnin oyunları isə 24-25 və 28-29 martda təşkil olunacaq. 12 kollektiv DÇ-2022-yə son 3 vəsiqə uğrunda mübarizə aparacaq.

Gələn il Qətərdə keçiriləcək dünya çempionatının 21 noyabr – 18 dekabr aralığında təşkil olunması nəzərdə tutulur.

DÇ-2022-yə vəsiqəni təmin etmiş komandalar:

Qətər
Braziliya
Almaniya
Danimarka
Belçika
Fransa
Xorvatiya
Serbiya
İspaniya
İngiltərə
İsveçrə
Niderland

DÇ-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:

İtaliya
Portuqaliya
Rusiya
Şotlandiya
İsveç
Uels
Türkiyə
Polşa
Ukrayna
Şimali Makedoniya
Çexiya
Avstriya.

Pley-off mərhələsinin püşkatması zamanı İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, İsveç və Uels yığmaları səpələnmişlər səbətində yer alacaq. Türkiyə, Polşa, Ukrayna, Şimali Makedoniya, Çexiya və Avstriya yığmaları isə səpələnməmişlər səbətində olacaq.