Düqarri: “Mətbuat Mbappenin beynini yeyib, o, lider deyil”

Fransa yığmasının sabiq hücumçusu Kristof Düqarri “Real”ın və “xoruzlar”ın ulduz hücumçusu Kilian Mbappe haqda söhbət açıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Düqarri Mbappenin UEFA Millətlər Liqası oyunlarındakı çıxışını qiymətləndirib:

“Hazırda onda aparıcılıq və ya kapitan münasibəti görmürəm. Mən sadəcə bir fəlakət görürəm, görürəm ki, bu oğlan etməli olduğu işdən tamamilə sönüb. O, pərəstişkarların ondan nə gözlədiyini anlamır.

Mbappenin karyerasının ilk günlərindən mətbuat ondan daim heyran idi. Hamı Kilianın yaşından artıq yetkin, güclü və ağıllı olduğunu düşünürdü. Düşünürəm ki, bütün bunlar yekunda onun başını gicəlləndirdi. Mbappe həddindən artıq yükü öz üzərinə yıxaraq, meydanda hər şeyin ondan asılı olduğunu düşünməyə başlayıb”, deyə keçmiş futbolçu tənqidi mövqeyini nümayiş etdirib.

Xatırladaq ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki oyununda Fransa yığması 3 xal qazanıb. Didye Deşamın “xoruzlar”ı Parisdə İtaliya yığmasına uduzublar (1:3). Növbəti oyunda isə Fransa yığması evdə Belçika kollektivinə qalib gəlib (2:0). Mbappenin isə bu oyunlarda bir səmərəli fəaliyyəti belə, yoxdur.