Duqlas Kosta Avstraliya klubunda

Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Duqlas Kosta bundan sonra Avstraliya çempionatında çıxış edəcək.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Avstraliyanın “Sidney” klubuna keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı vinger Avstraliya təmsilçisinə azad agent kimi keçib. O, “Sidney”lə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Xatırladaq ki, braziliyalı futbolçunun sonuncu iş yeri “Fluminense” olub. O, Braziliya klubuna bu ilin yanvar ayında azad agent kimi keçmişdi. Kosta sözügedən komandanın heyətində 22 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. İyul ayında isə təcrübəli oyunçu “Fluminense”ni azad agent kimi tərk etməyə qərar vermişdi.

Duqlas Kosta Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 51 oyun keçirib, 8 qol və 8 assistlə yadda qalıb. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun (Ukrayna, 203 oyun, 38 qol, 40 assist), Almaniya nəhəngi “Bayern”in (97 oyun, 15 qol, 30 assist), MLS (ABŞ) təmsilçisi “Los Anceles Qalaksi”nin (51 oyun, 8 qol, 8 məhsuldar ötürmə), İtaliyanın “Yuventus” klubunun (103 oyun, 10 qol, 21 məhsuldar ötürmə) da şərəfini qoruyub.

Kosta 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya yığma komandasında 31 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: