Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Duqlas Kosta bu ilin əvvəlindən formasını geyindiyi “Fluminense”dən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2025-ci ilin yayına qədər olan müqaviləni ləğv ediblər. Duqlas hazırda azad agent kimi özünə yeni klub axtarır.
Xatırladaq ki, braziliyalı futbolçu “Fluminense”yə bu ilin yanvar ayında azad agent kimi keçmişdi. O, bu müddət ərzində sözügedən komandanın heyətində 22 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Duqlas Kosta Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 51 oyun keçirib, 8 qol və 8 assistlə yadda qalıb. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun (Ukrayna, 203 oyun, 38 qol, 40 assist), Almaniya nəhəngi “Bayern”in (97 oyun, 15 qol, 30 assist), MLS (ABŞ) təmsilçisi “Los Anceles Qalaksi”nin (51 oyun, 8 qol, 8 məhsuldar ötürmə), İtaliyanın “Yuventus” klubunun (103 oyun, 10 qol, 21 məhsuldar ötürmə) da şərəfini qoruyub.
Kosta 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya yığma komandasında da 31 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.