Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Duqlas Kosta ABŞ təmsilçisi “Los Anceles Qalaksi” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıq razılıq əsasında xitam verilib.
Bu barədə MLS təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Komandanın baş məşqçisi və idman direktoru Qreq Vaniya bu münasibətlə Kostaya müraciət ünvanlayıb:
“Duqlasa “Los Anceles Qalaksi”yə verdiyi töhfələrə görə təşəkkür etmək istərdik. Biz ona və ailəsinə karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq”.
Hazırda 33 yaşı olan futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir. Amma son məlumatlara görə, o, keçmiş komandası “Yuventus”a qayıda bilər. Cinah oyunçusu Turin komandasına qayıtmaq istədiyini bildirib:
“Yuventusa qayıtmaq istərdim, bu mənim arzumdur. Mən Massiliano Alleqri üçün əsgər olmaq və “Yuventus” azarkeşlərinin sevgisini yenidən hiss etmək istəyirəm. Agentim bütün maraqlı klublarla, o cümlədən “Yuventus”la əlaqə saxlayır. Səudiyyə Ərəbistanına da uçacağıq. Yerli liqa inkişaf edir”, deyə Duqlas bildirib.
Xatırladaq ki, Duqlas Kosta 2022-ci ilin iyul ayından formasını geyindiyi “Los Anceles Qalaksi”də 51 oyuna 8 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, 2017-ci ildən 2022-ci ilə qədər fasilələrlə formasını geyindiyi “Yuventus”da da 103 oyun keçirib, 10 qol vurub, 21 məhsuldar ötürmə verib.
Duqlas Braziliyanın “Qremio” klubunun yetirməsidir. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun və “Bayern”in də şərəfini qoruyub. O, Braziliya yığmasında da 31 oyun keçirib, 3 qola imza atıb.


