Duqlas Luis “Yuventus”a keçidini əsaslandırdı

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis “Aston Villa”dan ayrılaraq Turin klubuna keçmək qərarının səbəblərindən danışıb.

Arena.az braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən yəqin ki, ən çətin hesab edilən liqadan gəlmişəm. Bu təcrübədən çox məmnunam. A Seriyasında daha da böyük nailiyyətlər əldə etmək istəyirəm. Dünyanın istənilən oyunçusu “Yuventus”da təcrübə keçmək istəyər”, deyə Duqlas vurğulayıb.

Xatırladaq ki, Duqlas Luis bu il “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçib. 26 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.

Duqlas “Aston Villa”ya 2019-cu ilin yayında 16,8 milyon avro qarşılığında keçmişdi. O, sözügedən komandanın heyətində 204 oyun keçirib, 22 qol və 24 məhsuldar ötürmə müəllifi olub. Duqlas daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb. Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna çıxıb.