Ötən gecə keçirilmiş Cənubi Kipr yığması ilə yoxlama oyunu Serbiya milli komandasının sol cinah vingeri Duşan Tadiç üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 35 yaşlı vinger ölkəsinin milli komandasında ən çox oyun keçirən futbolçuya çevrilib.
Bu oyuna qədər Tadiç Branislav İvanoviçlə birgə yığmanın heyətində ən çox oyun keçirən iki futbolçudan biri idi – 105 oyun. Cənubi Kiprlə oyunda meydana çıxmaqla Tadiç İvanoviçi də geridə qoyub və millinin rekordçusuna çevrilib – 106 oyun.
Qeyd edək ki, Tadiç üçün əlamətdar olan bu oyunda serblər Sergey Milinkoviç-Saviçin vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar. Duşan fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.
Hazırda Türkiyənin “Fənərbaxça” klubunun uğurları üçün çalışan Duşan Tadiç Serbiya yığmasında 2008-ci ilin dekabr ayında debüt edib. Təcrübəli futbolçu millidə keçirdiyi 106 oyunda 22 qol vurub, 40 məhsuldar ötürmə müəllifi olub.
Tadiç “Fənərbaxça”ya 2023-cü ilin yayında Niderland nəhəngi “Ayaks”dan azad agent kimi gəlib. O, Türkiyə klubunun heyətində 46 oyuna çıxıb, 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Serbiyalı oyunçu daha öncə “Ayaks”dan başqa “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen” kimi klubların da şərəfini qoruyub.
“Transfermarkt” internet-portalı 35 yaşlı serb vingerin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, Serbiya millisi AÇ-2024-də C qrupunda Sloveniya, Danimarka və İngiltərə yığmaları ilə qarşılaşacaq.




