“Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviç yanvar ayında İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Ötən ayın ən yaxşı oyunçusu adına səsvermədə Vlahoviç Lautaro Martines (“İnter”), Alessandro Buoncorno (“Torino”), Albert Qudmundsson (“Cenoa”), Ruben Loftus-Çik (“Milan”) və Şimon Jurkovskini (“Empoli”) üstələyib.
Vurğulayaq ki, cari ilin yanvarında Vlahoviç İtaliya A Seriyasının 4 oyununda iştirak edib. O, bu oyunlarda 6 qol vurub.
Duşan Vlahoviç “Partizan”ın yetirməsidir. “Fiorentina”da çıxışları ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 12 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun “Yuventus”dakı ümumi karyerası 86 oyun, 35 qol və 8 assistdən ibarətdir.
Duşan Vlahoviç 2020-ci ilin oktyabrında debüt etdiyi Serbiya yığmasının heyətində 25 oyuna 13 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Vlahoviç 2023/2024 mövsümündə ayın ən yaxşısı seçilən ilk “Yuventus”lu futbolçudur. Bu mövsüm ayın ən yaxşı futbolçusu seçilənlərin siyahısı belədir:
Sentyabr – Rafael Leao (Milan)
Oktyabr – Lautaro Martines (İnter)
Noyabr – Paulo Dibala (Roma)
Dekabr – Kristian Pulişiç (Milan)