“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

“e-Milli” komandanın heyətini formalaşdırmaq üçün ölkəmizin ən yaxşı konsol oyunçularının iştirakı ilə ildə bir dəfə heyətə seçimlər təşkil olunur.

Arena.az xəbər verir ki, builki seçimlərə E-Milli Liqanın 2020-ci il mövsümündə ən yaxşı nəticə göstərmiş 16 oyunçu dəvət olunub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Gərgin keçən mübarizədə Taleh Məhərrəmov, Nurlan Ayazlı, Firuz Buksayev, Ramil Nəbiyev 1/2 final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı “e-AÇ-2021”-də təmsil edəcək “e-Milli” komandanın yeni heyətini təşkil ediblər. Final oyununda Taleh Məhərrəmov Nurlan Ayazlıya qalib gəlib.

Qeyd edək ki, “e-AÇ-2021”in seçmə mərhələsi 15-29 mart və 12-26 aprel tarixlərində keçiriləcək. Seçmə mərhələdə 10 qrup qalibi komanda birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq. İkinci yerdə qərarlaşmış komandalar isə yenidən iki qrupa bölünəcək və hər qrupda ilk 3 yeri tutan komanda qrup mərhələsinə vəsiqə qazanacaq. Komandamız seçmə mərhələdə Fransa, Danimarka, Albaniya, Norveç və Uelslə birgə “İ” qrupunda mübarizə aparacaq.

May-iyun aylarında keçiriləcək qrup mərhələsində 16 “e-Milli” komanda 4 qrupda mübarizəni davam etdirəcək. İkinci dəfə təşkil olunan “e-AÇ-2021”in final mərhələsi 9-10 iyul tarixlərində keçiriləcək.

Çempionata hazırlıq məqsədilə komandamız yoldaşlıq oyunları və turnirlərdə iştirak edir. Türkiyə Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnirdə “e-Milli” komandamız ikinci yeri tutub.

Qeyd edək ki, “e-Milli” komandamız 6-7 mart tarixlərində Şərqi Avropa ölkələrinin komandaları arasında təşkil ediləcək turnirdə iştirak edəcək.

Sonda onu da xatırladaq ki, Azərbaycan bu il təşkil olunacaq Avropa çempionatında ev sahiblərindən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: