Eden Hazard futbola məşqçi kimi mümkün qayıdışından danışdı

“Lill”, “Çelsi”, “Real” və Belçika yığmasının sabiq vingeri Eden Hazard yaxın gələcəkdə məşqçilik karyerasına başlaya biləcəyindən danışıb.

Arena.az “Evening Standard” dərgisinə istinadən, Hazardın bu barədə fikirlərini təqdim edir:

“Futbol üçün azaçıq darıxıram, xüsusən də paltardəyişmə otağında uşaqlarla ünsiyyətdə olmaq üçün, amma indi istədiyimi edirəm. Bundan sonra nə olacağını bilmirəm. Peşəkar şəkildə məşqçilik edəcəyimi düşünmürəm. Amma düşünürəm ki, gənclərdən ibarət komandaları çalışdıra bilərəm. Mənim uşaqlarım var və onlara futbol oynamağı öyrətmək istəyirəm”, deyə Hazard bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 10-da 32 yaşlı Hazard peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Son qərarı ərəfəsində azad agent qismində olan futbolçuya ABŞ MLS-dən və Səudiyyə Ərəbistanı klublarından sərfəli təkliflər gəlsə də, Eden yaşıl meydanlara qayıtmaq istəməyib.

Artıq qeyd etdiyimiz kimi, belçikalı futbolçu “Lill”, “Çelsi” və “Real”da oynayıb. Futbol mütəxəssisləri böyük karyera vəd edən istedadı müqabilində Hazardın futbol dünyasının gözləntilərini tam doğrultmadığı qənaətindədirlər.

Eden Hazard 2008-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 126 oyuna çıxıb, 33 qol vurub, 36 məhsuldar ötürmə verib.