Futbol üzrə Belçika millisinin və Madrid “Real”ının sabiq sol cinah vingeri Eden Hazard maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az AS portalına istinadən məlumat verir ki, o, ötən mövsümün sonunda “kral klubu”ni tərk etdikdən sonra həyat tərzinin necə dəyişdiyini açıqlayıb:
“Pivə “dartaraq”, ailə və dostlarla birlikdə həyatdan həzz almağın vaxtı gəlib. Mən həmişəlik bundan həzz almaq imkanım olduqca, Belçika yığmasının azarkeşi və gözəl futbolun həvəskarı olaraq qalacağam. Kapitan sarğısını daşımaq mənim üçün böyük şərəf idi”, deyə Hazard vurğulayıb.
Hazırda Hazard azad agent statusundadır. Daha əvvəl mətbuatda yay transfer pəncərəsi zamanı belçikalı vingerin ən azı 6 komandadan imtina etdiyi barədə məlumat yayılmışdı. Bu komandalardan biri, argentinalı ulduz hücumçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami”dir.
Hazard karyerasının “Real” dönəmində “qaymaqlılar”ın heyətində 76 oyuna çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə verib. Hazard “Real”la 2 dəfə İspaniya çempionatını (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2021/2022), UEFA Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2023) qazanıb. Buna rəğmən, futbol mütəxəssisləri böyük karyera vəd edən istedadı müqabilində Hazardın futbol dünyasının gözləntilərini tam doğrultmadığı qənaətindədirlər.
Eden Hazard 2008-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 126 oyuna çıxıb, 33 qol vurub, 36 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı Edeni 5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Eden Hazardın kiçik qardaşı Torqan da ötən gün “Anderlext”lə üç illik – müddəti 2026-cı ilin iyuna ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. O, Belçika klubuna Dormtund “Borussiya”sından 4 milyon avro qarşılığında keçib.