İspaniyanın “Real” (Madrid) klubu belçikalı vingeri Eden Hazard və ispan hücumçusu Mariano Diasla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “Kral klubu”nun rəsmi saytı məlumat yayıb.
Hazardla klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onun “Real”la müqaviləsi 2024-cü ilə qədər qüvvədə idi. Futbolçunun özü klubun müqaviləni ləğv etmək təşəbbüsünü dəstəkləyib və müqaviləyə xitam verilib.
Marianonun isə klubla müqaviləsinin müddəti elə bu mövsümün sonuna kimi idi. Tərəflər yeni sözləşmə imzalamaq istəməyiblər.
“Real” ilə dörd mövsüm keçirmiş Hazard heç vaxt “El klasiko”da iştirak etməməsi ilə diqqət çəkir. Futbolçu bu müddət ərzində madridlilərin heyətində 76 oyunda çıxıb və 7 qol qurub, 12 assistlə yadda qalıb.
Hazard 2019-cu ildə “Çelsi”dən 115 milyon avroya “Real”a transfer edilmişdi. O, “Kral klubu” ilə səkkiz titul qazanıb. Lakin belçikalı ulduz Madrid təmsilçisində tez-tez zədələnməsi ilə daha çox diqqət mərkəzində olub.
Xatırladaq ki, biz az əvvəl “The Athletic” 32 yaşlı Hazardın karyerasını bitirmək haqda düşündüyü barədə də məlumat yayıb. O, “Real”dan öncə “Çelsi” (352 oyun, 110 qol, 92 assist) və “Lill”də (194 oyun, 50 qol, 53 assist) də oynayıb. Eden Belçika millisində də 126 oyuna 33 qol vurub.
Mariano Dias isə yeniyetməlik dövründən formasını geyindiyi “Real”da 84 matça çıxıb. 29 yaşlı hücumçu bu oyunlarda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mariano Fransanın “Olimpik” (Lion) klubunda da forma geyinib – 48 oyun, 21 qol, 6 assist.
“Real” bu gün hücumçu Marko Asensio ilə də yollarını ayırdığını açıqlamışdı.