Eder Militao ağır zədədən sonra ilk dəfə məşqə çıxdı

“Real”ın braziliyalı mərkəz müdafiəçisi Eder Militao sol dizindəki ön çarpaz bağın zədəsindən sonra tezliklə meydana qayıda bilər.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, braziliyalı müdafiəçi La Liqanın 28-ci turunun “Selta” ilə oyununa hazırlıq üçün “Real” ümumi oyunçular dəstəsində artıq məşqə çıxıb.

Amma vurğulanır ki, “Kral klubu”nun məşqçilər heyəti Militaonun bərpasını sürətləndirmək və müdafiəçinin oyunlara məhz tezliklə çıxmasını məcburiyyətə çevirmək niyyətində deyil.

“Real” Militaonun bərpasının öz axarında getməsini təmin edir, gələn aydan etibarən isə futbolçunun komandanın oyunlarında iştirak edə biləcəyini təxmin edir.

Xatırladaq ki, Militao Bilbao “Atletik”i ilə La Liqanın 1-ci tur oyununun ikinci yarısının əvvəlində zədələnmiş, 50-ci dəqiqədə Antonio Rüdigerlə əvəzlənmişdi. O vaxtdan Militao bərpa prosesi keçir.

Eder Militao “San-Paulu”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro qarşılığında “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini cari ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.

Cari mövsümdə Militao “qaymaqlılar”ın heyətində cəmi 1 oyun – 50 dəqiqə keçirib. Məlum olduğu kimi, müdafiəçi ciddi zədələnib və bərpa mərhələsi keçməyə məcbur olub. Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 143 oyun, 11 qol, 5 məhsuldar ötürmə. Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.

Eder “kral klubu” ilə 2 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 2 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 30 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.