Ederson göz çuxurunun sınığı səbəbilə mövsümü başa vurdu

“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraes göz çuxurundakı kiçik sınıq səbəbindən mövsümün son iki oyununu buraxacaq.

Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir.

Braziliyalı qapıçı mayın 14-də İngiltərə Premyer Liqasının 34-cü turunun “Tottenhem”lə təxirə salınmış oyunu zamanı zədələnib. Oyundan sonra zədələnmiş nahiyənin müayinəsi zamanı qapıçının sağ göz çuxurunda kiçik bir sınıq aşkar edilib. Müstəsna zədə Edersona 2023/2024-cü illər mövsümünün qalan oyunlarında iştirak imkanı verməyəcək. Həmçinin zədənin nə zaman sağalacağı haqda dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Premyer Liqanın son turunda “Mançester Siti” “Vest Hem”lə qarşılaşacaq. Bu görüş çempionluq uğrunda mübarizədə çox vacib oyun olacaq. Bundan əlavə, “şəhərlilər” mayın 25-də İngiltərə Kubokunun finalında əzəli rəqiblər “Mançester Yunayted”lə derbidə qarşılaşacaqlar.

Ederson “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində transfer ediblər. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ederson “Siti”nin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 34 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində ümumi statistikası isə belə mənzərə yaradır: 332 oyun, 257 buraxılmış qol, 155 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 5 qat, İngiltərə Kubikunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçsı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.