Ederson Moraes: “8 ildir, hər oyuna eyni tumanda çıxıram”

“Mançester Siti”nin braziliyalı əsas qapıçısı Ederson Moraes mövhumatla bağlı bircə inancı olduğunu etiraf etməklə diqqət çəkib.

Arena.az BBC-yə istinadən, braziliyalı qapıçının müvafiq etirafını təqdim edir:

– Mənim, xurafatla bağlı cəmi-cümlətanı bircə inancım var. Hər oyunda mən ancaq eyni tumanda oynayıram.

– Nə, bütün mövsüm boyu eyni tuman?
– Yox, səkkiz il ərzində eyni tuman.

Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkmiş braziliyalı qapıçını “Mançester Siti” 2017-ci ilin iyul ayında 40 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Edersonun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ederson cari mövsümdə “Mançester Siti”nin heyətində 31 oyuna çıxıb, 45 qol buraxıb, 8 oyundan “quru” qurtulub.

Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 363 oyun, 302 buraxılmış qol, 163 “quru” oyundan ibarətdir.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qalibiyyət qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna 21 qol buraxıb, 13 “quru” oyun keçirib. Edersonun “selesao”nun heyətində bu qədər az oyun keçirməsinin də səbəbi var. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekkerin əvezedici qismində çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.