Ederson Moraes: “Pep”lə işləmək asandır, o, futbol dahisidir”

“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraes Səudiyyə Ərəbistanı klublarının ona olan marağı mənzərəsində gələcəyi haqda danışıb.

Arena.az “TNT Sports Brasil” dərgisinə istinadən, Edersonun bu barədə fikrini təqdim edir:

“Hələ heç nə həllini tapmayıb. Bu, mənim səkkizinci mövsümümdür. Bu müddət ərzində yaxşı məqamlar da çox olub, pis anlar da yaşanıb. Xosep Qvardiola ilə işləmək asandır. O, futbol dahisidir, bunu isə hamı bilir. Ona görə də ondan haqqımda eşitmək həqiqətən xoşdur (Qvardiola əvvəllər demişdi ki, Edersonun komandada qalmasını həqiqətən istəyir – redaktorun qeydi).

Burada xoşbəxtəm, komanda yoldaşlarımla ünsiyyətdən zövq alıram. Mən çox sakitəm, nə olursa olsun, hər şey tanrının əlindədir. Mənə nə lütf etsə, şükürlü qalacağam”, deyə Ederson vurğulayıb.

Ederson Moraes “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıblar. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Ederson “Siti”nin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 34 qol “yeyib”, 16 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 332 oyun, 257 buraxılmış qol, 155 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.