Ederson Moraes Premer Liqada şəxsi rekordunu yenilədi

İngiltərə Premyer Liqasının 32-ci turunun “Kristal Pelas”la ev oyunu “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraes üçün düşərli olub.

Arena.az məlumat verir ki, “şəhərlilər”in 0:2 hesabından geri-dönüş etdikləri bu oyunda Ederson komandasının 5:2 hesablı qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.

Bu, Edersonun cari mövsümdə artıq 4-cü məhsuldar ötürməsidir.

Xatırladaq ki, Edersona qədər heç bir qapıçı İngiltərə Premyer Liqasında bir mövsüm ərzində iki məhsuldar ötürmədən artıq səmərəyə nail ola bilməmişdi. Ederson müvafiq nailiyyəti cari mövsümdə üstələyərək, mütləq rekorda müvəffəq olmuşdu. İndi isə göründüyü kimi, braziliyalı qapıçı şəxsi rekordunu daha da yaxşılaşdırıb. Ümumilikdə Ederson İngiltərə Premyer Liqasının oyunlarında 7 məhsuldar ötürməyə imza atıb.

Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkmiş braziliyalı qapıçını “Mançester Siti” 2017-ci ilin iyul ayında 40 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Edersonun “şəhərlilər”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ederson cari mövsümdə “Mançester Siti”nin heyətində 33 oyuna çıxıb, 47 qol buraxıb, 9 oyundan “quru” qurtulub.

Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 365 oyun, 304 buraxılmış qol, 164 “quru” oyundan ibarətdir.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qalibiyyət qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna 21 qol buraxıb, 13 “quru” oyun keçirib. Edersonun “selesao”nun heyətində bu qədər az oyun keçirməsinin də səbəbi var. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekkerin əvezedici qismində çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019-cu il Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.