Edin Dzeko “Olimpiakos” azarkeşlərinin hücumuna məruz qalıb

“Fənərbaxça”nın bosniyalı mərkəz hücumçusu Edin Dzeko Yunanıstanda rəqib komandanın azarkeşlərinin hücumuna məruz qalıb.

Arena.az jurnalist Yağız Sabuncuoğluna istinadən məlumat verir ki, hadisə “Fənərbaxça”nın Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiakos”la səfərdə ilk oyunundan sonra baş verib.

Dzeko yerli tərəfdarların təzyiqi ilə üzləşib. Belə ki, “Olimpiakos” azarkeşləri Xorvatiyanın Dubrovnik şəhərində Dzekoya məxsus “Restaurant EZZA” restoranını nüfuzdan salmaq üçün tədbir təşkil edərək, məşhur səyahət saytı “TripAdvisor” saytında qurum haqqında saxtakarlıq üsulu ilə mənfi rəylər yazıblar. Eyni zamanda, “Fənərbaxça”nın azarkeşləri eyni saxtakarlıqla müsbət rəylər toplamaq məqsədilə tədbir keçirərək, Dzekonun restoranını “TripAdvisor”da ilk üç müəssisə siyahısına salmağa müvəffəq olublar.

Xatırladaq ki, Yunanıstanın Pirey şəhərindəki “Georgios Karaiskakis” stadionunda keçirilmiş oyun “Olimpiakos”un “Fənərbaxça” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqasının 1/4 final mərhələsində “Fənərbaxça” ilə “Olimpiakos” arasında cavab oyunu aprelin 18-də baş tutacaq. İstanbulda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bosniya və Herseqovina yığmasının da üzvü olan Edin Dzeko 2023-cü ilin yayından “Fənərbaxça”da çıxış edir. 38 yaşlı forvard Türkiyə klubunun heyətində indiyə qədər 40 oyuna çxıb, 24 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

Edin Dzeko “Volfsburq” (142 oyun, 85 qol, 35 assist), “Mançester Siti” (189 oyun, 72 qol, 38 assist), “Roma” (260 oyun, 119 qol, 54 assist), “İnter” (101 oyun, 31 qol, 15 assist), “Teplitse” (45 oyun, 16 qol, 3 assist) və “Jelezniçar” (1 oyun) kimi klublarda da çıxış edib. Hücumçu 1 dəfə Bundesliqanı, 2 dəfə İngiltərə Premyer Liqasını qazanıb. Bundan başqa Dzekonun muzeyində İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku, o cümlədən 2 İtaliya Kuboku və eynisayda İtaliya Super Kuboku var. 2022/2023 mövsümündə futbolçu UEFA Çempionlar Liqasının gümüş mükafatçısı olub.

Dzeko Bosniya və Herseqovina yığmasında keçirdiyi oyunların (134) və vurduğu qolların (65) sayına görə mütləq rekordçudur. Onun hesabında 28 məhsuldar ötürmə də var.

“Transfermarkt” internet-portalı Edin Dzekonu 3 milyon avro məbləğində qiymətləndirir.