Edin Terziç “Borussiya”dan getdi – Rəsmi

Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi Edin Terziç Bundesliqa təmsilçisi ilə yollarını ayırıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Alman məçqçi ilə klub arasındakı sözləşmənin müddəti 2025-ci ilin yayına qədər idi. İstefanın səbəbləri açıqlanmır.

Xatırladaq ki, Edin Terziç 2010-cu ildən bəri “Borussiya”da müxtəlif vəzifələrdə çalışıb. O, 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Terziçin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Terziç “Borussiya”nı bütövlükdə 96 oyuna çıxarıb. Dortmundlular bu görüşlərdə 55 qələbə qazanıb, 20 heç-heçə edib, 21 məğlubiyyətə üzülüblər.