Edinson Kavani: “Özümü futbol dahisi hesab etmirəm”

Argentinanın “Boka Xuniors” klubunun uruqvaylı mərkəz hücumçusu Edinson Kavani kimləri futbol dahisi hesab etdiyini açıqlayıb.

Arena.az uruqvaylı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən özümü futbol dahilərindən biri hesab etmirəm. Dahilər Dieqo Maradona, Lionel Messi, Ronaldinyo və Neymardır. Mən sadəcə bacarıqlarını artıran çalışqan bir oyunçuyam. Hələ də qollar üçün böyük aclığım var”.

Xatırladaq ki, hazırda 37 yaşı olan Uruqvay yığmasının sabiq hücumçusu bu yaxınlarda “Boka Xuniors” klubu ilə yeni müqaviləyə imza atıb. Yeni sözləşməyə əsasən o, 2026-cı ilin dekabrına qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Artıq karyerasının qürub çağını yaşayan Kavaninin futbola elə “Boka Xuniors”da vida etməsi gözlənilir.

Edinson Kavani “Danubio”nun yetirməsidir. Uruqvaylı hücumçu karyerası ərzində “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted”, “Valensiya” və “Boka Xuniors”da çıxış edib.

Kavani 2023-cü ilin iyulunda “Valensiya”dan azad agent qismində “Boka Xuniors”a qoşulub. Uruqvaylı hücumçu indiyə qədər “genuyalılar”ın heyətində 45 oyuna çıxıb və 20 qola imza atıb.

Kavani 2008-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 136 oyuna çıxıb, 58 qol vurub, 17 məhsuldar ötürmə verib. O, 2024-cü ilin may ayında milli karyerasını başa vurduğunu açıqlayıb.

Edinson Kavaninin qənimətlər muzeyində “Danubio” ilə Uruqvay çempionluğu, “Napoli” ilə İtaliya Kuboku, PSJ ilə Fransa çempionluğu (6 dəfə), Fransa Kuboku (5 dəfə), Fransa Liqa Kuboku (6 dəfə), Fransa Super Kuboku (5 dəfə) var.

Uruqvay yığması ilə Kavani Amerika Kubokunun (2011) qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı veteran mərkəz hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.